Gözəl katalpa
Gözəl katalpa (lat. Catalpa speciosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii şəraitdə Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə, Şimali Amerikanın şərqində bitir.
== Botaniki təsviri ==
Sıx, geniş, piramidal çətirə malik, hündürlüyü 30 m-ə çatan, qamətli ağacdır. Gövdəsinin üzəri boz, qalın təbəqəli qabıqla örtülmüşdür. Yarpaqlarının uzunluğu 30 sm, eni 15 sm, iri, üst səthi hamar, parlaq-yaşıl, alt səthi seyrək tüklü olub, uzun saplaqlarda yerləşir.Çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır, diametri 7 sm, uzunluğu 15-20 sm olub, iri, gözəl, açıq-sarı, ağımtıl-çəhrayı rəngli, kənarları dalğalıdır. Meyvəsi silindrik, uzunsov, təpəsinə doğru getdikcə daralan, dərivari, bərk, tünd-qonur rəngli, açılan qutucuqdur və 2 taylıdır. Toxumu hamar, qanadlı, uzunsov-xətvari, hər iki ucunda saçaqlı, açıq-qonur, bərk, xırda, uzunluğu 24-31 mm, eni 6-8 mm, qalınlığı 0,3 mm-dir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Toxumla, qələmlə, kök pöhrələri ilə çoxaldılır.